Loading...
logo
ESRI “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirib
ESRI “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirib

Konfransda açılış nitqi ilə çıxış etmiş iqtisadiyyat nazirinin müavini Sahib  Ələkbərov Azərbaycanın dünya dövlətləri arasında layiqli mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əzmi, zəhmətkeşliyi və yüksək zəkasının mühüm rol oynadığını vurğulayıb.

27 noyabr 2023-cü il tarixində Bakı Biznes Mərkəzində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın açılış mərasimində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış etmiş iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycanın dünya dövlətləri arasında layiqli mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əzmi, zəhmətkeşliyi və yüksək zəkasının mühüm rol oynadığını vurğulayıb. Cənab Ələkbərov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə iqtisadi zəmində böyük dəyişikliklərin təməlləri qoyulub.

ESRI tərəfindən həyata keçirilmiş "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsindən də bəhs etmiş S.Ələkbərov sözügedən müsabiqənin Heydər Əliyev iqtisadi irsinin ölkə hüdudlarından kənarda öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edib.

Konfransda xüsusi qonaq qismində “Heydər Əliyev – canlı xatirələr və iqtisadi strategiya” adlı paneldə çıxış etmiş siyasi və dövlət xadimi Həsən Həsənov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Heydər Əliyev dövründə təhsil naziri olmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov və “BP”nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dahi şəxsiyyət Heydər Əliyev barədə öz təəssüratlarını bölüşüb və Azərbaycanın onun tərəfindən əsası qoyulmuş uğurlu iqtisadi strategiyasına toxunublar.

Tədbirdə ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov qonaqlara ESRI tərəfindən təsis edilmiş yeni beynəlxalq jurnal – “Strateji iqtisadi düşüncə” jurnalı (JSET) barədə məlumat verib. O qeyd edib ki, bu jurnalın ilk sayında "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsinə təqdim edilmiş məqalələr arasından xüsusi seçilmiş materiallar yer alıb.

Daha sonra “Heydər Əliyev İli” çərçivəsində ESRI tərəfindən həyata keçirilmiş elmi və praktiki məqalə müsabiqəsinin qalibləri Məhəmməd Səmədov (Azərbaycan), Oleq Leşenyuk (Belarus), Haila Əlmekaimi (Küveyt), Ruslan Şevçenko (Moldova), Xalid Taimur Akram (Pakistan), Muhammad Zaman (Pakistan), Mehmood Ul Hassan Xan (Pakistan) və Doğacan Başarana (Türkiyə) da çıxış etmək üçün söz verilib.  

Sonda müsabiqə qalibləri təltif edilib və xatirə şəkli çəkdirilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.