Jurnal haqqında

AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ  ELMİ ƏSƏRLƏR TOPLUSU      ISSN 2413- 7235

Prof. Dr. Şahin M. Sadıqov

İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Iqtisadi Elmi Tədqiqat İnstitutu

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu (ESRI) tərəfindən nəşr olunan “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusunun yeni buraxılışını sizlərə təqdim edirik. Bu toplu ölkəmizin tarixən iqtisadi islahatlar sahəsindəki təcrübələrini, nailiyyətlərini və iqtisadi inkişafın qarşısında duran çətinlikləri elmi cəhətdən araşdıran və təhlil edən önəmli bir nəşr kimi iqtisadiyyat elminə və iqtisadi təcrübəyə böyük töhfə vermişdir. Müasir iqtisadiyyat konsepsiyası dayanıqlı iqtisadi inkişafa keçid üçün qlobal səylərə cavab verməklə yanaşı Azərbaycanın 2030-cu il üçün müəyyənləşdirilən sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri ilə də səsləşir. Bu konsepsiya tərəqqi və rifahın təmin olunması məqsədilə təbii sərvətlərin səmərəli istifadəsi, ekoloji təmiz istehsal sahələrinin, orqanik kənd təsərrüfatının inkişafı və iqtisadi artım əsasında dayanıqlı inkişafı təmin etmək üçün bir yol təqdim edir. Azərbaycan elmi bu yolda qarşıya çıxan problemləri araşdırıb, onların orjinal həllərinin tapılmasında aktiv iştirak edəcəkdir. Belə ki, iqtisadi planlaşdırma və qərar qəbuluna müasir iqtisadiyyat konsepsiyası prinsiplərinin tətbiqi əhəmiyyətli islahatların reallaşdırılmasını, texnologiyalara investisiyaların cəlbini, işçi qüvvəsi tərəfindən yeni bacarıqların mənimsənilməsini, iqtisadi inkişafı dəstəkləyə və istiqamətləndirə biləcək güclü hüquqi və tənzimləyici çərçivənin qurulmasını, həmçinin cəmiyyətdə yeni təfəkkürün formalaşmasını tələb edir. Toplunun yeni buraxılışı məhz müasir iqtisadiyyat konsepsiyası ətrafında ideya və baxışların mübadiləsi üçün platforma rolunu oynayaraq Azərbaycanda və dünyada iqtisadiyyatla bağlı çağırışlar və imkanlar haqqında geniş perspektivləri və problemləri əks etdirir.  Topluya məqalələri daxil edilmiş bütün şəxslərə dəyərli töhfələrinə görə dərin minnətdarlığımı bildirərək, həm ölkə daxilində, həm də qlobal səviyyədə həmrəylik və əməkdaşlıq prinsiplərinə sadiq qalaraq, daha yaşıl və dayanıqlı bir dünya uğrunda səylərin gələcəkdə də davam etdiriləcəyinə ümid edirəm.