SƏNAYE İXRACININ ŞAXƏLƏNDİRİLMƏSİ AZƏRBAYCANIN İQTİSADİYYATININ DAYANIQLI İNKİŞAFININ AMİLİ KİMİ

Müəlliflər

  • Tural N. Mammadov Müəllif

DOI

https://doi.org/10.71447/2413-7235-2026-1-72

Xülasə

Məqalə Azərbaycan iqtisadiyyatında sənaye ixracının şaxələndirilməsi prosesinin mahiyyətinin, dinamikasının və onun iqtisadi dayanıqlığın təmin olunmasındakı rolunun təhlilinə həsr olunmuşdur. Tədqiqatın aktuallığı ondan irəli gəlir ki, Azərbaycan iqtisadiyyatı uzun müddət neft və qaz ixracından yüksək dərəcədə asılı olmuş, dünya enerji bazarlarında baş verən qiymət dəyişiklikləri isə ölkənin makroiqtisadi sabitliyi, dövlət büdcəsinin gəlirləri və valyuta daxilolmaları üçün ciddi risklər yaratmışdır. Xüsusilə son onilliklərdə qlobal enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik, geosiyasi böhranlar və beynəlxalq ticarət mühitindəki dəyişikliklər ixracın şaxələndirilməsi məsələsini iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirmişdir. Məqalənin əsas məqsədi 2005–2025-ci illər ərzində Azərbaycanın qeyri-neft sənaye ixracının inkişaf meyllərini, struktur dəyişikliklərini və məhsul müxtəlifliyini araşdırmaq, həmçinin ixracın şaxələndirilmə səviyyəsini və bunun iqtisadi dayanıqlığa təsirini qiymətləndirməkdir. Tədqiqat zamanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Dünya Bankının, BMT-nin Ticarət və İnkişaf Konfransının, Beynəlxalq Valyuta Fondunun və digər beynəlxalq təşkilatların statistik məlumatlarından istifadə edilmişdir. Təhlildə müqayisəli -statistik, struktur, dinamik və iqtisadi təhlil metodlarından yararlanılmışdır. Araşdırma nəticələri göstərir ki, son illərdə qeyri-neft sənayesinin ixrac strukturunda mühüm dəyişikliklər baş vermiş, kimya, metallurgiya, aqrar emal, qida sənayesi, tikinti materialları və yüngül sənaye məhsullarının payı artmışdır. Emal sənayesinin müxtəlif istiqamətlərinin ixracda iştirakı daha balanslı xarakter almış, məhsul müxtəlifliyi və yeni bazarlara çıxış imkanları genişlənmişdir. Bu proses iqtisadiyyatın struktur transformasiyası, iqtisadi mürəkkəblik səviyyəsinin yüksəlməsi və xarici şoklara qarşı davamlılığın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, bəzi sahələrdə ixracın hələ də məhdud məhsul qrupları və ənənəvi bazarlar üzrə cəmləşməsi şaxələndirmə prosesinin tam başa çatmadığını göstərir.

Yayımlanıb

2026-05-15

Necə istinad edilir

SƏNAYE İXRACININ ŞAXƏLƏNDİRİLMƏSİ AZƏRBAYCANIN İQTİSADİYYATININ DAYANIQLI İNKİŞAFININ AMİLİ KİMİ. (2026). AZƏRBAYCANDA İQTİSADİ İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ, 1(1). https://doi.org/10.71447/2413-7235-2026-1-72