Oxucular üçün məlumat
İndeksin Məqsədi və Tətbiq Sahələri
Ölkələrarası müqayisə üçün indeksin istifadəsi Yeni Nəsil İqtisadiyyat İndeksinin əsas məqsədlərindən biri ölkələrin “yeni iqtisadiyyat” meyarlarına uyğun inkişaf səviyyəsini beynəlxalq müstəvidə müqayisə etməyə imkan verməkdir. İndeksin metodologiyası qlobal məlumat bazalarına (Dünya Bankı, BMT, OECD, Dünya İqtisadi Forumu və s.) və beynəlxalq sorğulara əsaslandığından, müxtəlif ölkələrin nəticələrini adekvat şəkildə tutuşdurmaq mümkün olur. Bu indeks vasitəsilə ölkələr qlobal rəqabətdə mövqelərini görə, ənənəvi göstəricilərlə aşkar olunmayan üstün və zəif cəhətlərini müəyyən edə bilərlər. Məsələn, indeks göstəriciləri sayəsində yüksək ÜDM-li bir ölkənin rəqəmsal infrastrukturu və ya təhsil keyfiyyətindəki boşluqlar üzə çıxa bilər. Beləliklə, YNİİ ölkələrarası reytinqlər, qlobal inkişaf hesabatları və müqayisəli tədqiqatlar üçün ədalətli prinsip əsaslı vahid metodoloji baza kimi qəbul oluna bilər.
Ölkədaxili strategiyalar və siyasət üçün tətbiq sahələri YNİİ nəticələri təkcə beynəlxalq müqayisələr üçün deyil, ölkədaxili siyasət və strategiyaların formalaşdırılması üçün də faydalı alətdir. Hökumətlər bu indeksin sub-indikatorları əsasında iqtisadi islahatlarda prioritet sahələri müəyyən edə bilərlər. Məsələn, əgər YNİİ nəticəsində ölkənin rəqəmsal infrastruktura görə geri qaldığı aşkarlanarsa, bu sahənin inkişafına əlavə investisiya ayrılması və strateji tədbirlərin gücləndirilməsi qərara alına bilər. Eyni zamanda indeks göstəriciləri insan kapitalının hazırlıq səviyyəsi, innovasiya mühiti, sosial inklüzivlik dərəcəsi kimi meyarlar barədə də siqnal rolunu oynayır və özəl sektorun investisiya qərarlarına təsir göstərə bilər. Akademik tədqiqatlarda isə YNİİ konseptual çərçivə kimi çıxış edərək, ölkənin yeni nəsil iqtisadiyyata keçidinin ölçülməsi üçün göstərici dəsti təqdim edir. Nəticə etibarilə, indeks həm dövlət qurumları, həm də biznes və tədqiqat icması üçün öz fəaliyyətlərində prioritet istiqamətlərin müəyyən edilməsi və boşluqların aradan qaldırılması sahəsində bunun qərarvermədə dəyərli bir vasitə kimi istifadə oluna bilər. Bunun nəticəsində ölkənin tarazlı inkişafının sürətli artmını təmin etmək imkanı yaradılır.