Jurnal haqqında

Hörmətli oxucular!
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi  Tədqiqat İnstitutu (ESRI) tərəfindən nəşr olunan “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” elmi əsərlər toplusunun yeni buraxılışını sizlərə təqdim edirik. Bu toplu ölkəmizin tarixən iqtisadi islahatlar sahəsindəki təcrübələrini, nailiyyətlərini və iqtisadi inkişafımızın qarşısında duran çətinlikləri elmi cəhətdən araşdıran və təhlil edən önəmli bir nəşr kimi iqtisadiyyat elminə və iqtisadi təcrübəyə böyük töhfə vermişdir. Elmi əsərlər toplusunun builki buraxılışı Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi nəzərə alınaraq “Yaşıl iqtisadiyyat” mövzusuna həsr edilmişdir. Yaşıl iqtisadiyyat konsepsiyası dayanıqlı iqtisadi inkişafa keçid üçün qlobal səylərə cavab verməklə yanaşı Azərbaycanın 2030-cu il üçün müəyyənləşdirilən sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri ilə də səsləşir. Bu konsepsiya tərəqqi və rifahın təmin olunması məqsədilə təbii sərvətlərin səmərəli istifadəsi, ekoloji təmiz istehsal sahələrinin, orqanik kənd təsərrüfatının inkişafı və iqtisadi artım əsasında dayanıqlı inkişafı təmin etmək üçün bir yol təqdim edir. Azərbaycan elmi bu yolda yaşıl iqtisadiyyata keçidin asan olmayacağını etiraf etməklə, qarşıya çıxan problemləri araşdırıb, onların orjinal həllərinin tapılmasında aktiv iştirak edəcəkdir. Belə ki, iqtisadi planlaşdırma və qərar qəbuluna yaşıl iqtisadiyyat konsepsiyası prinsiplərinin tətbiqi əhəmiyyətli islahatların reallaşdırılmasını, ekoloji cəhətdən təmiz texnologiyalara investisiyaların cəlbini, işçi qüvvəsi tərəfindən yeni yaşıl bacarıqların mənimsənilməsini, yaşıl iqtisadiyyata keçidi dəstəkləyə və istiqamətləndirə biləcək güclü hüquqi və tənzimləyici çərçivənin qurulmasını, həmçinin cəmiyyətdə yaşıl təfəkkürün formalaşmasını tələb edir. Toplunun yeni buraxılışı məhz yaşıl iqtisadiyyat konsepsiyası ətrafında ideya və baxışların mübadiləsi üçün platforma rolunu oynayaraq Azərbaycanda və dünyada yaşıl iqtisadiyyatla bağlı çağırışlar və imkanların geniş perspektivləri və problemləri əks etdirir. Ümid edirik ki, burada təqdim olunan məlumatlar və təhlillər Azərbaycanda iqtisadi islahatlar üzrə davam edən müzakirələrə dəstək və ölkəmizin yaşıl və dayanıqlı gələcəyinə dair daha çoxaraşdırma və əməli tədbirlərin aparılmasına ilham verəcəkdir.